Boliviyanın yerli xalqları arasında COVID-19-dan ölüm səviyyəsinin yoluxma göstəricisi ilə müqayisədə olduqca aşağı olduğu müəyyən edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Social Science & Medicine jurnalında dərc olunan araşdırmada bildirilir.
Tədqiqata görə, pandemiya ərzində Tsimane icmasının yalnız bir, Moseten icmasının isə iki üzvü COVID-19 səbəbindən həyatını itirib. Eyni zamanda virus hər iki icmada geniş yayılıb: Tsimanelərin təxminən 71 faizi, Mosetenlərin isə 63 faizi xəstəliyə yoluxub.
Tədqiqatçılar bildirirlər ki, yoluxanların əksəriyyətində xəstəliyin tipik simptomları, o cümlədən qripə bənzər əlamətlər, baş ağrısı, qoxu və dad bilmənin itməsi müşahidə olunub.
Alimlər aşağı ölüm göstəricisini bir neçə amillə əlaqələndirirlər. İcmaların əhalisinin nisbətən gənc olması, yüksək fiziki aktivlik və piylənmə, diabet və hipertoniyanın daha az yayılması əsas səbəblər arasında göstərilir.
Qan analizləri də yerli əhalidə infeksiyaya qarşı güclü immun reaksiyanın formalaşdığını göstərib. Tsimane və Moseten icmalarında COVID-19-a qarşı spesifik anticisimlərin səviyyəsi pandemiyanın eyni mərhələsində Fransada aparılan araşdırmadakı göstəricidən iki dəfədən çox yüksək olub.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəticələr gələcək pandemiyalar zamanı immun sisteminin infeksiyaya reaksiyasının öyrənilməsi baxımından əhəmiyyətli ola bilər.
