Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən apellyasiya protesti verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
“Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxış zamanı Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Həsənov Rasim Əlövsət oğlunun əməlləri CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 7 000 manat məbləğində cərimə cəzası təyin edilib, onun həbsdə olduğu müddət nəzərə alınmaqla cərimənin məbləği 5.000 manata endirilib.
Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll ediləcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə Rasim Həsənova 5 min manat cərimə cəzası tətbiq olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
