Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə qüvvələrinin Möxa şəhəri ətrafındakı və Marib əyalətindəki mövqelərinə çoxsaylı ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıblar.
Ucnoqta.az bildirir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
Onun sözlərinə görə, husilər Möxa ərazisində və Marib əyalətindəki Tədavin düşərgəsində Səudiyyə qüvvələrinin mövqelərinə, silah anbarlarına və qərargahlarına çoxsaylı ballistik raket və PUA-larla hücum ediblər.
Husilərin iddiasına görə, hücum nəticəsində aralarında Səudiyyə vətəndaşlarının da olduğu “onlarla insan ölüb və yaralanıb”.
Səriya husilərin Səudiyyə qüvvələrinə qarşı hərbi əməliyyatları davam etdirəcəklərini bildirib. O, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın tərəfində döyüşən yəmənliləri silahı yerə qoymağa və qarşı tərəfin sıralarını tərk etməyə çağırıb.
