Cənubi Koreya və ABŞ avqustun 17-dən 27-dək hər il keçirilən genişmiqyaslı Ulchi Freedom Shield hərbi təlimlərini keçirəcək.
Ucnoqta.az bildirir ki, bu barədə hərbçilər brifinq zamanı məlumat veriblər.
Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Çan Do Yon bildirib ki, təlimlər hər il keçirilir və müdafiə xarakteri daşıyır. Onun sözlərinə görə, manevrlərin ssenarisində real vəziyyətlər və döyüş hazırlığının metodlarının son təhlilinin nəticələri nəzərə alınıb.
O qeyd edib ki, təlimlər Cənubi Koreya və ABŞ-ın birgə müdafiə qabiliyyətini, o cümlədən bütün sahələrdə birgə və ümumqoşun əməliyyatları keçirmək imkanlarını gücləndirəcək.
Çan Do Yonun sözlərinə görə, ABŞ və Cənubi Koreya Koreya müharibəsində (1950–1953) atəşkəs şərtlərinə əməl olunmasına nəzarət edən BMT Komandanlığına üzv ölkələri də təlimlərə cəlb etməyi planlaşdırır.
Bildirilib ki, təlimlərin miqyası ötənilki səviyyədə olacaq və Cənubi Koreya manevrlərə təxminən 18 min hərbçi cəlb edəcək.
