ABŞ-ın Federal Mülki Aviasiya Administrasiyası (FAA) Boeing şirkətinin köhnə istehsal edilmiş bəzi 737 Max təyyarələrində konstruksiya elementlərində çatlar aşkar edildikdən sonra yüzlərlə təyyarənin yoxlanılmasına göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, ABŞ Federal Reyestrində dərc olunan məlumata görə, direktivə əsasən, təyyarələrin füzelaj örtüyü əvvəllər aparılmış təmir işləri baxımından yoxlanılmalı, zərurət yarandıqda isə yoxlamanın nəticələrinə uyğun müvafiq tədbirlər görülməlidir.
FAA bildirib ki, bəzi köhnə Boeing 737 Max təyyarələrində qapılar və fövqəladə çıxışların ətrafını möhkəmləndirən xüsusi konstruksiya elementində çatlar aşkarlanıb.
Yoxlamalar 737 Max 8, Max 9 və Max 8-200 modellərindən ibarət təxminən 471 təyyarəni əhatə edəcək. Direktiv 10 sentyabrdan qüvvəyə minəcək.
