Qarğaların ölmüş həmcinsinin ətrafına toplaşaraq gurultulu səslər çıxarması ilk baxışda yas mərasimini xatırlatsa da, alimlər bunun tamamilə praktik məqsəd daşıdığını müəyyən ediblər.
Ucnoqta.az xəbər verir ki, bioloqların sözlərinə görə, qarğalar ətraf mühiti daim təhlükələr baxımından izləyirlər. Onlardan biri ölmüş qarğanı aşkar etdikdə dərhal yaxınlaşmır, əvvəlcə təhlükəsiz məsafədən vəziyyəti qiymətləndirir və həyəcan siqnalları verir. Bu səslər digər qarğaları da hadisə yerinə cəlb edir.
Alimlər bu davranışı “mobbinq” adlandırırlar. Adətən quşlar bu üsulla yırtıcını kollektiv şəkildə qorxudub uzaqlaşdırırlar. Lakin ölmüş qarğa ilə qarşılaşdıqda məqsəd hücum etmək deyil, təhlükənin mənbəyini müəyyənləşdirmək və ərazini yadda saxlamaqdır.
Bu fenomeni ən geniş araşdıran alimlərdən biri olan Kaeli Swift və John Marzluff Sietl yaxınlığında aparılan təcrübələr zamanı qarğalara müxtəlif səhnələr nümayiş etdiriblər. Tədqiqatın nəticələri göstərib ki, qarğalar xüsusilə ölmüş həmcinsinə qarşı həssas reaksiya verirlər.
Eksperimentlər zamanı insanın əlində ölmüş qarğa, yırtıcı quş maketi, ölmüş qarğa ilə yanaşı yırtıcı, ölmüş göyərçin və nəhayət heç bir təhlükəli obyekt olmayan vəziyyətlər nümayiş etdirilib.
Məlum olub ki, real təhlükəni xatırladan səhnələrdə qarğalar 96 faiz hallarda həyəcan siqnalları veriblər. Ən güclü reaksiya isə yırtıcı quşun ölmüş qarğanın yanında olduğu səhnəyə qeydə alınıb. Bu vəziyyətdə qarğalar ərazini ən azı 72 saat təhlükəli hesab edərək oradakı yemə yaxınlaşmaqdan çəkiniblər.
