Mərkəzi Afrika Respublikasında (CAR) silahlı hücum nəticəsində İsveçrə vətəndaşı və ölkə ordusunun bir hərbçisi həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP agentliyi CAR ordusunun yüksək rütbəli zabitinə istinadən məlumat yayıb.
Bildirilib ki, geoloji kəşfiyyat işləri aparmaq üçün ölkəyə gələn İsveçrə vətəndaşı onun təhlükəsizliyini təmin edən hərbçi ilə birlikdə öldürülüb.
Hücum iyulun 30-da paytaxt Banqidən təxminən 50 km şimalda yerləşən Damara şəhərindən 18 km aralıda baş verib. İlkin məlumata görə, hücumu kimliyi hələ müəyyən edilməmiş silahlı şəxslər törədib.
Həlak olanların cəsədləri Banqiyə aparılıb. CAR-ın hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırmaq və təqsirkarları müəyyən etmək üçün istintaqa başlayacaq.
