Yay aylarının ən sevilən meyvələrindən olan qarpız və yemiş bəzi insanlarda qarında köp, spazm və ishala səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bunun səbəbi meyvənin xarab olması deyil, fruktozanın mənimsənilməsində yaranan problem ola bilər.
Mütəxəssislər bildirirlər ki, fruktoza (meyvə şəkəri) normalda nazik bağırsaqda sorularaq orqanizm tərəfindən enerji mənbəyi kimi istifadə edilir. Lakin bəzi insanlarda bu proses pozulduğundan fruktoza yoğun bağırsağa keçir və burada bakteriyalar tərəfindən parçalanaraq qaz əmələ gəlməsinə səbəb olur.
Nəticədə aşağıdakı əlamətlər yarana bilər:
qarında köp;
ağrı və spazmlar;
qazın artması;
ishal.
Qarpız və yemiş fruktoza ilə zəngin olduğundan, xüsusilə böyük porsiyalarla qəbul edildikdə bu əlamətlər daha qabarıq şəkildə özünü göstərə bilər.
Həkimlər vurğulayırlar ki, hər qarın ağrısı fruktoza dözümsüzlüyü demək deyil. Həddindən artıq meyvə yemək, eləcə də qıcıqlanmış bağırsaq sindromu və digər həzm sistemi xəstəlikləri də oxşar şikayətlər yarada bilər.
Əgər qarpız, yemiş və digər fruktoza tərkibli qidalardan sonra bu əlamətlər mütəmadi təkrarlanırsa, qastroenteroloqa müraciət etmək tövsiyə olunur. Diaqnoz xüsusi nəfəs testi və həkim müayinəsi əsasında təsdiqlənir.
Mütəxəssislər qeyd edirlər ki, fruktozanın sorulma pozğunluğu nadir rast gəlinən irsi fruktoza dözümsüzlüyü ilə qarışdırılmamalıdır. Sonuncu anadangəlmə xəstəlikdir və fruktoza tərkibli qidalardan tam imtina edilməsini tələb edir.
