Uşaqlıq dövründə formalaşan qidalanma vərdişləri illər sonra beyin sağlamlığına təsir göstərə bilər. Alimlərin yeni araşdırmasına görə, həyatın ilk iki ilində şəkər qəbulunun məhdudlaşdırılması gələcəkdə demensiya (bunama) riskinin azalması ilə əlaqələndirilir.
Ucnoqta.az xəbər verir ki, tədqiqatı Honq Konq Elm və Texnologiya Universitetinin alimləri aparıblar. Nəticələr nüfuzlu Neurology elmi jurnalında dərc olunub.
Araşdırma göstərir ki, həyatın ilk illəri sağlam qocalma və beyin sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Alimlər Böyük Britaniyanın UK Biobank layihəsində qeydiyyatdan keçmiş təxminən 65 min nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqatda Böyük Britaniyada şəkər məhdudiyyətinin ləğvindən sonra insanların qidalanmasında şəkər istehlakının artmasının uzunmüddətli nəticələri araşdırılıb.
Nəticələrə əsasən, həyatının ilk iki ilini şəkər istehlakının məhdud olduğu dövrdə keçirən şəxslərdə demensiya riski təxminən 23 faiz daha aşağı olub. Bundan əlavə, bu qrupda xəstəliyin diaqnozu orta hesabla 2,5 il daha gec qoyulub.
Araşdırmanın müəlliflərindən Jiazhen Zheng bildirib ki, əldə edilən nəticələr erkən uşaqlıq dövründə şəkər istehlakının məhdudlaşdırılmasının beyin sağlamlığı üçün uzunmüddətli faydalar verə biləcəyini göstərir.
Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, bu araşdırma müşahidə xarakteri daşıyır. Yəni nəticələr şəkər istehlakı ilə demensiya riski arasında əlaqəni göstərsə də, bunun birbaşa səbəb-nəticə əlaqəsi olduğunu qəti şəkildə sübut etmir.
Mütəxəssislər hesab edirlər ki, erkən yaşlardan balanslı və sağlam qidalanma vərdişlərinin formalaşdırılması gələcəkdə həm beyin, həm də ümumi sağlamlıq üçün mühüm əhəmiyyət kəsb edir.
