Ər-Riyadda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə yaradılması planlaşdırılan çoxmillətli dəniz müdafiə koalisiyası müzakirə olunub.
Ucnoqta.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə 43 ölkənin nümayəndələri və Avropa İttifaqının nümayəndə heyəti iştirak edib.
Müzakirələrdə koalisiyanın nizamnaməsi, idarəetmə sistemi və fəaliyyət mexanizmləri nəzərdən keçirilib. Yeni koalisiyanın Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərməsi planlaşdırılır.
Görüşün yekununda iştirakçılar layihə üzərində işi davam etdirmək barədə razılığa gəliblər. Birgə bəyanatı 14 dövlət imzalayıb, bir sıra digər ölkələr isə təşəbbüsə qoşulmaq üçün daxili prosedurları davam etdirir.
