8 ay əvvəl küçəyə atılan 3 azyaşlı barədə yeni xəbər var.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akiflinin lent.az-a verdiyi məlumata görə, ana Xəyalə Kərimovadan uşaqların qəyyumluq hüququ alınıb.
V.Akifli bildirib ki, uşaqların qəyyumluğu hazırda Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevaya verilib. Birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayan uşaqların vəziyyəti isə yaxşıdır.
Xatırladaq ki, bir müddət əvvəl Bakıda Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını atıb və başqası ilə qaçması haqda mətbuatda xəbər yayılmışdı. Anası tərəfindən tərk edilən uşaqları bu dəfə də nənəsi küçəyə atmışdı.
3 azyaşlı polis tərəfindən, küçədə baxımsız və kimsəsiz şəkildə aşkarlanaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdilər. Vasif Akifli bildirmişdi ki, Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV-i ilə birgə aparılan işin nəticəsi olaraq həm nənə, həm də ana sığıncağa dəvət olunub.
Xəyalə Kərimova həyat yoldaşı ilə 2015-ci ildə məhkəmə vasitəsi ilə boşanıblar. 3 uşağa görə, ataya 90 manat aliment pulu kəsilsə də, 2015-ci ildən bəri bir dəfə də olsa aliment ödəməyib, nə də gəlib uşaqları ilə maraqlanmayıb.
Ana vaxtilə nənəyə uşaqlarla bağlı etibarnamə verib. Həmin etibarnamə ilə uşaqlar nənənin öhdəliyinə keçib. Sonra ana öz uşaqlarını ataraq şəxsi həyatını yaşamağa gedib. 3 nəvəsini küçəyə atmış nənə öz əməlinə belə haqq qazandırıb ki, guya bu yolla o, öz qızını cəzalandırırmış. Uşaqları qisas məqsədilə çölə atıb. Qızına dəfələrlə evi tərk etməməsini, kiməsə qoşulub qaçmamasını desə də, qızı onu saymayıb. Buna görə də nənə azyaşlı uşaqları çölə atıb.
Vasif Akifli bildirmişdi ki, ana artıq uşaqları özü ilə aparmaq istəsə də uşaqlar ona verilməyəcək. Bunun üçün məhkəmə qərarı olmalıdır.
3 azyaşlı uşaqların atasına gəlincə, o, hələ də axtarışdadır. Gah Bakıda, gah Rusiyada olduğu deyilsə də, aylardır atadan xəbər yoxdur. O nəinki 3 balasına aliment ödəmir, hətta uşaqları ilə ümumiyyətlə, maraqlanmır.