İsrailin hava hücumları Livanın cənubunda mənzillərə 1,38 milyard dollar birbaşa ziyan vurub.
Ucnoqta.az xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Livanda yayımlanan hesabatında qeyd olunub.
Hesabatda deyilir ki, İsrailin hücumları nəticəsində Livanın cənubunda 11.095 bina tamamilə dağıdılıb, 2.242 bina qismən zədələnib, 5.219 bina isə kiçik ziyan görüb.
Zərərin qiymətləndirilməsi münaqişənin şiddətlənməsindən əvvəl və sonra peyk şəkillərinin müqayisəsi yolu ilə aparılıb. Tikinti tullantılarının ümumi həcmi təxminən 3,1 milyon kubmetrdir.
Sosial İşlər Nazirliyinin məlumatına görə, Livanda hərbi əməliyyatlar nəticəsində didərgin düşənlərin sayı 963.497 nəfərə çatıb ki, bu da ümumi əhalinin 16%-ni təşkil edir. 160.000-dən çox vətəndaş tamamilə didərgin düşüb.