Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası

17:26 - 22 İyun 2026 - Xəbər

Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası

May ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq siyasi-diplomatik uğurlarının məntiqi davamı və yeni geosiyasi reallıqlar fonunda artan qlobal nüfuzunun təsdiqi kimi qiymətləndirilir.

İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Zəfərdən sonra regionda yeni siyasi, iqtisadi və təhlükəsizlik arxitekturası formalaşdıran Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının önəmli siyasi, geoiqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir. WUF13 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsi də məhz bu yeni reallığın inikasıdır.

Təəssüflər olsun ki, COP29 ərəfəsində olduğu kimi, WUF13 zamanı da müəyyən xarici mərkəzlər və ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyaları aparıldı. Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, onun uğurlarına kölgə salmaq istəyən qüvvələr regionda yaranan yeni reallıqları görməzlikdən gəlməyə cəhd edilər.

Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi ərəfədə hibrid təhdidlərini gücləndirən bəzi xarici dairələr və ermənipərəst qüvvələr həm xaricdə, həm də ölkə daxilindəki əlaltılarının vasitəsilə dezinformasiya və gözdənsalma kampaniyası həyata keçirirlər.

Dünyanın 182 ölkəsindən on minlərlə insanın Bakıya gəlməsi, tədbirin yüksək səviyyədə təşkili və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi bu qüvvələri ciddi şəkildə narahat edir.
Qeyd etdiyimiz kimi, WUF13 ərəfəsində bəzi ermənipərəst dairələr və xarici mərkəzlər Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədilə qarayaxma kampaniyaları aparıblar. Onlar ölkənin uğurlarına kölgə salmaq, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə kölgə salmaq üçün müxtəlif qərəzli addımlar atır, dezinformasiya yamaqla məşğuldurlar.

Məsələn, şübhəli xarici fondlardan maliyyələşən “Meydan TV” WUF13 ərəfəsində Bakıya yağan güclü yağışın yaratdığı bəzi fəsadları qabartmaqla beynəlxalq tədbirin və Azərbaycan dövlətinin nüfuzuna kölgə salmağa çalışdı. Təbiət hadisəsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan anti-Azərbaycan qüvvələri Bakının Ümumdünya Şəhərsalma Forumuna evsahibliyi etməsinə ironiya ilə yanaşdılar.

Təbiət hadisəsinin siyasiləşdirilməsi cəhdi

Təbiətin şıltaqlıqlarından heç bir ölkə sığortalanmayıb və bu günə qədər təbiət hadisələrinin qarşısını almaq mümkün olmayıb. Dünyanın ən inkişaf etmiş dövlətlərin böyük şəhərləri belə selə, fırtınaya, zəlzələyə təslim olur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyevin rəsmi açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında etiraf etdiyi kimi, Bakıda bu vaxta qədər may ayında bu qədər yağış yağmayıb. "Bakıda böyümüş bir insan kimi, mən may ayında heç vaxt bu qədər yağış görməmişdim. Amma qarşılaşdığımız reallıqdır. Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. Biz iqlim dəyişikliklərinə uyğunlaşmağın yollarını tapmalıyıq" – deyə, Anar Quliyev qeyd edib.

Erməni vandalizminə məruz qalan şəhərlərimiz

Həmçinin, Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən 30 il müddətində dağıdılması və kütləvi şəkildə minalanmasının dünya ictimaiyyətinə təqdim etmək üçün fürsət qazandırdı.

WUF13 ərəfəsində Azərbaycan mediasında erməni kilsəsinin və lobbisinin regionda sülhə və inkişafa qarşı yönəlmiş siyasəti kəskin tənqid olundu. Forumun açılışında çıxış edən Prezident İlham Əliyev ərazilərin 30 il ərzində erməni işğalı altında qaldığını və minalarla çirkləndirildiyini xatırladaraq, bunun quruculuq işlərinə yaratdığı maneələri qlobal ictimaiyyətin diqqətinə çatdırdı.

Forumda qeyd olundu ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 9 şəhəri demək olar ki, tamamilə dağıdılıb.

300-dən çox yaşayış məntəqəsi və kənd ciddi zərər görüb. Təxminən 1,5 milyon mina və digər partlayıcı qurğuların mövcudluğu təhlükəsizliyi ciddi şəkildə risk altına alır. 2020-ci ildən sonra azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib. Azərbaycan kütləvi minatəmizləmə işləri həyata keçirir.

Dünya mediası və beynəlxalq nümayəndələr işğaldan azad edilmiş ərazilərdə erməni vandalizmi nəticəsində yaranan dağıntıların yerində Azərbaycan tərəfindən həyata keçirilən "Ağıllı şəhər" və dayanıqlı inkişaf strategiyaları ilə tanış oldular.

Hikmət Hacıyev: “Azərbaycana qərəzli yanaşanların sayı azalıb”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" tədbirində jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanda qlobal miqyaslı tədbirlər keçirildiyi dövrdə ölkəmizə qarşı bəzi qarayaxma kampaniyaları həyata keçirilir: "Son dövrlərdə bunun bir qədər azaldığını müşahidə edirik. Çünki istər ölkəmizin daxilində, istərsə də ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən bu qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara artıq qrant verənlərin sayları da azalıb. Onların hansı mənbələrdən qrant aldıqlarını da, yəni qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini çox gözəl bilirik. Bunu inkar etməyə çalışsalar da, bilirik. Azərbaycana qərəzli yanaşanların sayı azalıb, çünki onlara qrant verənlərin də sayı azalıb. Azərbaycan aparılan qərəzli kampaniyalara əhəmiyyət vermir. Çünki hər şey açıq şəkildə özünü göstərir. Ölkəmizin tərəfdaşlıq coğrafiyası, miqyası genişlənir".

Hikmət Hacıyev əlavə edib ki, Avropa Parlamentində son 5 ildə ölkəmizə qarşı 10-dan çox qətnamə qəbul edilib: “Bu qətnamələri qəbul edənlərin özləri hansı məsələ haqqında danışdıqlarından xəbərsizdirlər. Azərbaycanın yürütdüyü siyasət və dünya ictimaiyyətində olan hörməti göz önündədir. Azərbaycan bu gün dünyanın diplomatik mərkəzi rolunda çıxış edir. Elə bu səbəbdən qlobal məsələlər Azərbaycanda müzakirə olunur. Azərbaycan Respublikasının öz siyasəti var. Beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin hörməti, nüfuzu bu gün göz qabağındadır. Azərbaycan bu gün dünyanın diplomatik mərkəzi rolunda çıxış edir. Bu kimi qlobal tədbirlər Azərbaycanda müzakirə olunur. Elə bu auditoriyaya, buradakı müzakirələrin mahiyyətinə baxmaq hər şeyi açıq-aşkar göstərir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dünya miqyasında öz liderliyini qoruyur və gücləndirir".

Təbii ki, nə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası, nə də Bakıya yağan leysan yağışlar ölkəmizin şəhərsalma bacarığına və təcrübəsinə kölgə sala bilmədi. Forumda iştirak edən minlərlə xarici qonaq paytatımızın gözəlliklərinə heyran oldular, Azərbaycanın şəhərsalma təcrübəsinin digər ölkələrdə də tətbiq edilməsinin vacibliyini qeyd ediblər. WUF13 çərçivəsində Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki uğurları dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan dövləti beynəlxalq tədbirlər ərəfəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına əhəmiyyət vermir. Ölkənin qlobal miqyasda artan siyasi-diplomatik nüfuzu, eləcə də WUF13-ün yüksək səviyyədə təşkili aparılan təxribatların tamamilə iflasa uğradığını göstərir.

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Xəbər xətti