Fransanın “Alstom” şirkəti Belfor şəhərində “Azərbaycan Dəmir Yolları” QSC üçün ilk “Prima M4” sərnişin lokomotivini təqdim edib. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” ilə imzalanmış lokomotiv tədarükü haqqında müqaviləyə əsasən Belfor zavodunda 10 “Prima M4” (AZ4A) sərnişin lokomotivi istehsal olunur.
“Alstom”un Qərbi və Mərkəzi Asiya klasterinin direktoru Bernard Pell Azərbaycana ilk çoxfunksiyalı lokomotivin verilməsindən məmnunluğunu bildirib: “Biz bu tədarüklə Qara və Xəzər dənizləri və Rusiya ilə İran arasında iddialı layihənin tərkib hissəsinə çevrilirik. Fərdi sifariş əsasında hazırlanmış bu məhsul “Alstom” və “Azərbaycan Dəmir Yolları” arasındakı dayanıqlı münasibətlərin nəticəsidir”.
Bu lokomotivlər Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində istifadə olunacaq.
Yaxın günlərdə göndəriləcək lokomotiv Antverpen limanına çatdırılacaq, oradan isə Atlantik okeanı, Aralıq dənizi və Qara dəniz vasitəsilə yük gəmisi ilə Gürcüstanın Poti limanına yola salınacaq və dekabrın əvvəlində dəmir yolu ilə Bakıya çatacaq.
Qeyd edək ki, "AZ4A" sərnişin lokomotivi dünyanın ən universal elektrovozlarındandır. “Prima AZ4A” lokomotivi sərnişinlərlə 160 km/s sürətlə hərəkət edə bilir.