Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində olan yol təmir edilir - FOTO

16:07 - 5 Oktyabr 2017 - Xəbər

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində (Daş bazarı) olan yolun təmirinə start verilib. "Azəravtoyol" ASC-dən Ucnoqta.az-a verilən məlumata görə, təmir işləri Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində, təqribən, 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edir.

Ümumilikdə, təmir işlərinin aparıldığı sahə 17 min kv. m-ə yaxındır.

"Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub",- deyə məlumatda əlavə edilib.

Cəmiyyət bildirib ki, işlərin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.


Xəbər xətti