Vaşinqton administrasiyası Amerika anti-faşist hərəkatı Antifanı maliyyələşdirənlərə qarşı tədbir görmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Biz cinayətkar Antifa hərəkatına və onların kampaniyalarını maliyyələşdirən və dəstəkləyən hər kəsə qarşı tədbir görəcəyik. Bizdə artıq çoxlu məlumatlar, çoxlu sürprizlər, çoxlu xoşagəlməz sürprizlər var”, - o, Ağ Evdə keçirilən iclasda deyib.
Tramp hansı sürprizləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Hərəkatı maliyyələşdirdiyinə inandığı şəxslərdən danışan Tramp qeyd edib:
"Bunlar heç vaxt ağlınıza gəlməyən insanlardır. Bu, mənim tanıdığım biri ola bilər. Bəzi insanlarla nahar edirəm. Əgər belədirsə, onlar böyük problem yaşayırlar", - Amerika lideri vurğulayıb.