Astara rayonunda ailədaxili münaqişə qayınana, qayınata və baldızın cərimə edilməsi ilə yekunlaşıb.
Rayonun Ərçivan qəsəbə sakini olan S.Hasilova (şərti) yaşadığı evdə qayınanası, qayınatası və baldızı tərəfindən döyüldüyünü bildirib.
Onun müraciəti polis tərəfindən araşdırılıb. Nəticədə S.Hasilovanın 69 yaşlı qayınatası, 66 yaşlı qayınanası və 42 yaşlı baldızı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və onlar saxlanılıblar.
Astara Rayon Məhkəməsində tərəflərin iştirakı ilə keçirilən prosesdə S.Hasilova hadisə baş verən gün evə gəldiyini və mətbəxdə baldızı ilə mübahisə etdiyini, bu zaman qayınanası ilə qayınatasının ona hücum edərək döydüklərini, təhqiramiz sözlər dediklərini və zorla otağına saldıqlarını bildirib.
Barələrində protokol tərtib edilmiş gəlinin ailə üzvləri onunla aralarında sözlü mübahisə olduğunu, S.Hasilovaya qarşı fiziki zorakılıq göstərmədiklərini deyiblər.
Məhkəmənin qərarı ilə qayınata və baldız ayrılıqda 50 manat, qayınana isə 100 manat cərimə edilərək sərbəst buraxılıb. ///qafqazinfo