Türkiyənin Tekirdağ vilayətində iki servis avtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 3-də səhər saatlarında Ergene rayonu ərazisindən keçən “Edirnə” avtomagistralının fabrikalar istiqamətində qeydə alınıb.
Agentliyin məlumatına görə, fabrikalara işçi daşıyan Sekan B.-nin idarə etdiyi 59 S 9127 və Şaban A.-nın idarə etdiyi 59 S 1838 qeydiyyat nişanlı avtobuslar toqquşub.
Qəza nəticəsində 19 nəfər xəsarət alıb. Digər sürücülərin xəbər verməsi ilə hadisə yerinə polis və tibb işçiləri cəlb olunublar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev