Rusiyanın Saxalin əyalətində 3 nəfərin xəsarət alması, 4 inəyin də tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, qəza Cənubi Saxalin-Sineqorsk avtomagistralında qeydə alınıb. Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin əyalət üzrə idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 26-da axşam saatlarında şəxsiyyəti müəyyənləşdirilməyən vətəndaş 4 inəyi yolun digər hissəsinə keçirmək üçün onları qovub. Bu zaman qərb istiqamətindən gələn “Toyota HiAce” markalı minik avtomobilinin sürücüsü qaranlıq olduğundan heyvanları görməyərək onları vurub. Nəticədə hər 4 inək tələf olaraq yolun hərəkət hissəsində qalıb. Təxminən 10 dəqiqə sonra şərq istiqamətində hərəkətdə olan “Toyota Land Cruiser Prado” yolun hərəkət hissəsində uzanmış inəklərə dəyib və sürücünün idarəetməsindən çıxaraq yol kənarında dayanan “Toyota Platz”a çırpılıb. Zərbənin təsirindən hər iki “Toyota” yol kənarına hərəkət edib.
Qəza nəticəsində hər 3 sürücü xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla əlaqədar araşdırma aparılır.
Namiq Musayev