Naxçıvanda baş müəllim, MMC rəhbəri olan şəxsin ölkədən çıxışına qadağa qoyulub. Buna səbəb onun vergiyə xeyli borcunun olmasıdır.
Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, “Araz Holdinq” MMC-nin vergiyə 28 min manat borcu yaranıb. Həmçinin MMC-nin Dövlət Sosial Müdafiə Fonduna da 5 min manata yaxın borcu var.
Uzun müddət keçməsinə baxmayaraq, borc ödənilmədiyi üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti məhkəməyə müraciət edib. Vergi İdarəsi “Araz Holdinq” MMC-nin rəhbəri Səxavət Səmərqənd oğlu Bayramovun ölkədən çıxışına qadağa qoyulmasını istəyib. Məhkəmə iddia ərizəsini təmin edib.
Səxavət Bayramov MMC-nin təsisçisidir. Bu MMC-yə “Araz” Parket Fabriki də daxildir. Bir müddətdir maliyyə problemləri yaşayan MMC-nin veb səhifəsi də borcdan bağlanıb.
Səxavət Bayramov hazırda Naxçıvan Dövlət Universitetində çalışır. Aqrar elmlər üzrə fəlsəfə doktoru, baş müəllimdir. O, 1991-cı ildən Zoologiya kafedrasında çalışır.