Tailandın kurort bölgəsi olan Pxuket əyalətində daşqın təhlükəsi ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.
Məlumata görə, hakimiyyət orqanları Banq-Yai kanalı boyunca yaşayan sakinlərə və sahibkarlara elektrik cihazlarını və qiymətli əşyalarını təcili olaraq yuxarı mərtəbələrə köçürməyi tövsiyə edib.
Güclü yağışların davam etməsi və qonşu ərazilərdən gələn su axınının artması suyun səviyyəsinin kəskin yüksəlməsinə səbəb olub.
Əlverişsiz hava şəraiti adada nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Çalonq rayonunda tıxaclar yaranıb, bəzi yollar minik avtomobilləri və motosikletlər üçün keçilməz olub.
Tailand Meteorologiya Departamentinin məlumatına görə, ölkənin cənub sahillərinin 70 faizində şimşək çaxacağı və güclü yağışların yağacağı gözlənilir.
