Havalar soyuduqca evdə yaşıllıq və rahatlıq yaratmaq istəyi artır. Bunun üçün illərlə bitkilərin böyüməsini gözləməyə ehtiyac yoxdur. Bəzi otaq bitkiləri düzgün qulluq şəraitində sürətlə böyüyür, yeni yarpaqlar və uzun zoğlar əmələ gətirərək interyerə xüsusi gözəllik qatır.
Ucnoqta.az xəbər verir ki, Martha Stewart nəşri evdə zəngin yaşıllıq yaratmaq istəyənlər üçün sürətlə böyüyən yeddi otaq bitkisini təqdim edib.
1. Epipremnum (potos)
Bu bitki az qulluq tələb etməsi və sürətlə böyüməsi ilə seçilir. Müntəzəm suvarıldıqda zoğlarının uzunluğu ay ərzində 15–30 santimetr arta bilər. Bağçılıq üzrə kitabların müəllifi Niki Cabourun sözlərinə görə, bitkinin zoğları zamanla 6 metrdən çox uzana bilər. Müxtəlif işıq şəraitinə uyğunlaşsa da, onu birbaşa və güclü günəş şüalarından qorumaq lazımdır.
2. Ürəkyarpaqlı filodendron
Parlaq yaşıl yarpaqları və uzun, sarmaşan zoğları ilə seçilən bu bitki evdə yaşıllıq yaratmaq üçün əlverişlidir. Filodendron səpələnmiş parlaq işıqda daha yaxşı böyüyür. Torpağın üst qatı quruduqda suvarılması tövsiyə olunur.
3. Spatifillum
Tünd yaşıl yarpaqları və ağ çiçəkləri ilə seçilən spatifillum ev şəraitində yetişdirmək üçün məşhur bitkilərdəndir. Bitki müvafiq qulluq göstərildikdə il ərzində çiçəkləyə bilər. Onun sağlam böyüməsi üçün səpələnmiş işıq və mülayim suvarma vacibdir.
4. Dieffenbachia
İri, rəngarəng yarpaqları ilə seçilən bu tropik bitki interyerə fərqli görünüş verir. Dieffenbachia səpələnmiş parlaq işıqda və bir qədər nəm torpaqda yaxşı inkişaf edir. Lakin şirəsi zəhərli olduğundan bitkini uşaqlardan və ev heyvanlarından uzaq saxlamaq lazımdır.
5. Plectranthus (İsveç sarmaşığı)
Dişli kənarları olan parlaq yarpaqları və sallanan zoğları ilə seçilən plectranthus qısa müddətdə sıx yaşıllıq yarada bilər. Asma dibçəklərdə yetişdirmək üçün əlverişlidir. Bitki işıqlı, lakin birbaşa günəş şüalarından qorunan yerdə saxlanılmalı, həddindən artıq suvarılmamalıdır.
6. Monstera
İri və yarıqlı yarpaqları ilə tanınan monstera otaq bitkiləri arasında xüsusi görünüşü ilə seçilir. Mütəxəssis Castin Henkokun sözlərinə görə, əsasən yaşıl yarpaqları olan növlər rəngarəng yarpaqlı növlərlə müqayisədə daha sürətlə böyüyür. Monstera Adansonii ildə təxminən 30 santimetr və ya daha çox böyüyə bilər. Bitkinin zoğlarını dayaq boyunca yönəltmək və ya sallanmasına imkan vermək mümkündür.
7. Xlorofitum (hörümçək bitkisi)
Az qulluq tələb edən xlorofitum sürətlə böyüyür və yeni pöhrələr əmələ gətirir. Bu pöhrələri ayıraraq bitkini çoxaltmaq mümkündür. Bağçılıq üzrə mütəxəssis Niki Cabourun sözlərinə görə, köklərin inkişafı üçün kifayət qədər yer qalması məqsədilə bitkini hər bir-iki ildən bir bölmək lazım gəlir. Xlorofitumu qışın sonunda və yayın əvvəlində normaya uyğun gübrələmək tövsiyə olunur.
Bitkilərin daha sürətli böyüməsi üçün nə etmək lazımdır?
Otaq bitkilərinin sürətli böyüməsi üçün ən vacib amillərdən biri düzgün işıqlandırmadır. İşığın kifayət qədər olması bitkinin inkişafını sürətləndirir, çatışmazlığı isə böyüməni ləngidir.
Bundan əlavə, suvarma rejiminə riayət etmək, torpağın vəziyyətini izləmək və gübrələrdən normada istifadə etmək vacibdir. Düzgün qulluq və uyğun şərait bitkilərin daha sağlam böyüməsinə, evin isə daha yaşıl və rahat görünməsinə kömək edir.
