Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaratmağı təklif edib. Baza Türkiyənin Qətərdəki hərbi bazası modelində fəaliyyət göstərə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Türkiyənin Qətərdəki hərbi bazası 2015-ci ildən ikitərəfli razılaşma əsasında fəaliyyət göstərir. Açıq mənbələrin məlumatına görə, burada təxminən 3 min türk hərbçisi xidmət edir. Baza birgə hərbi təlimlərin keçirilməsi və Qətər Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlanması üçün istifadə olunur.
Səudiyyə Ərəbistanında Türkiyə hərbi bazasının yaradılması məsələsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış birgə müdafiə haqqında Məkkə sazişinin parlamentdə ratifikasiyasından sonra nəzərdən keçirilə bilər.
Saziş bu həftə Türkiyə parlamentinin Xarici əlaqələr komissiyasından keçib. Sənədin parlamentin plenar iclasında təsdiqlənməsi gözlənilir.
Türkiyə qanunvericiləri zəruri hesab edərsə, xaricə hərbçilərin göndərilməsinə mandat verilməsi və Səudiyyə Ərəbistanında hərbi bazanın yaradılması ilə bağlı ayrıca sənədin qəbul edilməsi də gündəmə gələ bilər.
