“Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib.
Ucnoqta.az “Yurd.Media”ya istinadla xəbər verir ki, şirkət tərəfindən 20 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 10 min avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2 min avro cərimə edilib.
Qeyd edək ki, “Referans Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Abbas Əliyevdir. Şirkət bir çox dövlət qurumlarının dərman vasitələrinin alınması ilə bağlı elan etdiyi tenderlərin qalibi olub.
