ABŞ İrana qarşı dünyanın ən güclü qeyri-nüvə bombalarından biri olan GBU-43/B (MOAB) bombası ilə zərbə endirməyi nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası barədə göstəriş verərsə, İranın enerji infrastrukturu və nüvə obyektləri hədəfə alına bilər.
Kütləsi 9,5 tondan çox olan MOAB bombası ABŞ ordusunun arsenalındakı ən güclü qeyri-nüvə bombasıdır. CNN qeyd edir ki, bu silahın istifadəsinin ABŞ-ın strateji məqsədlərinə nə dərəcədə nail olmağa kömək edəcəyi sual altındadır. Bununla belə, belə bir addım Vaşinqtonla Tehran arasındakı münaqişənin ciddi şəkildə kəskinləşməsinə səbəb ola bilər.
Telekanalın mənbələrindən biri bildirib ki, Tramp hərbçilərə İrana qarşı əlavə zərbə planları hazırlamağı tapşırıb. Bu planlara enerji infrastrukturu obyektlərinin hədəfə alınması və MOAB bombasının mümkün istifadəsi də daxildir.
Digər mənbənin sözlərinə görə, ABŞ ordusu İranın nüvə obyektlərinə, o cümlədən Nətənz yaxınlığında, Kolang-Qaz-La dağı altında yerləşdiyi iddia edilən obyektə zərbələr endirməyi planlaşdırır.
CNN-in məlumatına görə, ABŞ administrasiyasında bəzi şəxslər İran üzərində qələbə qazanmağın yeganə yolunun quru əməliyyatı keçirmək olduğunu düşünürlər. Lakin belə bir əməliyyat minlərlə amerikalı hərbçinin ölümü ilə nəticələnə bilər. Pentaqon müxtəlif variantları nəzərdən keçirsə də, administrasiyada hələlik quru əməliyyatının keçirilməsini təkid edən yoxdur.
Telekanalın bildirdiyinə görə, Tramp da ABŞ hərbçilərinin İrana göndərilməsində maraqlı olmadığını ifadə edib.
