ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2009-cu ildə Fort-Hud hərbi bazasında kütləvi qətl törətmiş hərbi psixiatr Nidal Həsənin edamının canlı yayımını izləmək niyyətində olmadığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Vens bu barədə Pentaqonun ölüm hökmünün dekabr ayında icrasını canlı yayımlamaq planları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Bu barədə yayılan məlumatları görmüşəm. Bunun həqiqətən baş verib-verməyəcəyini bilmirəm. Dekabrda nə olacağını, o edam ediləndə görəcəyik. Ancaq canlı yayım olsa, ona baxmayacağam”, – deyə vitse-prezident bildirib.
Vensin sözlərinə görə, Fort-Hud hərbi bazasına hücum 2001-ci il sentyabrın 11-də baş verən hadisələrdən sonra ABŞ ərazisində törədilmiş ən dəhşətli terror aktı olub.
O qeyd edib ki, hücum edən şəxs psixiatrik yardım göstərməli olduğu hərbçilərin həssas vəziyyətindən istifadə edərək onları güllələyib.
“Edam üsulu ilə bağlı mübahisələrdən asılı olmayaraq, ümid edirəm ki, insanlar bu şəxsin çoxsaylı günahsız insanları amansızlıqla öldürdüyünü unutmayacaqlar”, – deyə Vens əlavə edib.
