Belçikanın paytaxtı Brüsseldə gənclərin iştirakı ilə baş verən iğtişaşlar və polislə toqquşmalar nəticəsində 20 nəfər saxlanılıb. Saxlanılanlardan 13-ü yetkinlik yaşına çatmayan şəxslərdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.
Məlumata görə, şəhərin bəzi ərazilərində etirazçıları dağıtmaq üçün polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Toqquşmalar günün ortalarında Belçikada yaşayış səviyyəsinin aşağı düşməsinə qarşı keçirilən razılaşdırılmış nümayiş zamanı başlayıb. Aksiyada, əsasən, dövlət sektorunun əməkdaşları olmaqla, təxminən 50 min nəfər iştirak edib. Onların arasında polis əməkdaşları da olub.
Təhsil sisteminin maliyyələşdirilməsini məhdudlaşdıran islahatlara etiraz edən tələbə və məktəblilərin çoxsaylı təşkilatları da nümayişə qoşulub. Aksiya zamanı yaranan gərginlik sonradan polis ilə etirazçılar arasında toqquşmalara səbəb olub.
