İndoneziyanın Sumatra adasında meşə yanğınları və açıq ərazilərdə baş verən yanğınlar nəticəsində yaranan güclü tüstü hava nəqliyyatında fasilələrə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Jakarta Post” qəzeti məlumat yayıb.
Məlumata görə, son günlər zəif görünmə səbəbindən aviaşirkətlər Sumatra adasında bəzi reysləri təxirə salıb və ya uçuşların vaxtını dəyişiblər. Palembanq şəhərinin hava limanında beş reys gecikib.
Hava limanının baş direktoru bildirib ki, səhər saatlarında tüstü səbəbindən görünmə məsafəsi 600 metrdən aşağı düşüb. Bu, uçuşlar üçün müəyyən edilmiş minimum həddən aşağı olduğundan sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə uçuşun gedişi və gəlişi gecikdirilib.
Qeyd edək ki, oktyabrın 3-də də güclü tüstü Palembanq hava limanında 18 reysə təsir göstərib. Həmin vaxt da görünmə məsafəsi uçuşlar üçün tələb olunan minimum həddən aşağı düşüb.
