ABŞ Məxfi Xidmətinin direktoru Şon Karran bildirib ki, prezident Donald Trampın təhlükəsizliyini təmin etmək məqsədilə onun səfər etdiyi təyyarə dəfələrlə gizli şəkildə dəyişdirilib.
Ucnoqta.az xəbər verir ki, Karran bu barədə CBS telekanalına müsahibəsində danışıb.
O, Trampın iyulun əvvəlində Türkiyəni öz prezident təyyarəsində deyil, başqa təyyarədə gizli şəkildə tərk etməsi ilə bağlı məlumatları şərh edib. Karranın sözlərinə görə, bu, təhlükəsizlik məqsədilə ilk dəfə həyata keçirilən əməliyyat deyil.
“Biz bunu ilk dəfə etmirik. İstərdik ki, bu barədə məlumat yayılmasın, çünki bu, gələcəkdə həmin taktikadan istifadə imkanlarımızı məhdudlaşdırır”, – deyə o bildirib.
“Washington Post” qəzetinin məlumatına görə, Tramp iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra əvvəlcə prezident təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra o, gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha kiçik C-32A nəqliyyat təyyarəsinə keçirilib.
Nəşr yazıb ki, bu addım İrandan qaynaqlanan real təhlükə ilə əlaqədar Trampı mümkün sui-qəsd cəhdlərindən qorumaq məqsədi daşıyıb.
