Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistana kənd təsərrüfatı və alkoqollu məhsulların ixracı ilə bağlı iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. Güzəştlər kvotalarla və Avropa bazarını qorumaq üçün nəzərdə tutulan tədbirlərlə məhdudlaşdırılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Komissiyanın açıqlamasında bildirilib ki, Ermənistana verilən güzəştlər müəyyən şərtləri əhatə edir. Ermənistan məhsullarının idxalı Avropa istehsalçılarına mənfi təsir göstərərsə, Avropa bazarını qorumaq üçün müvafiq tədbirlər görüləcək.
Qeyd olunub ki, oktyabrın 10-dan etibarən 24 ay müddətinə tətbiq ediləcək liberallaşdırılmış ticarət rejimi Ermənistanın Aİ-yə kənd təsərrüfatı məhsulları ixracının təxminən 80 faizini əhatə edəcək. Buraya təzə meyvə, tərəvəz və güllər daxildir.
Bundan əlavə, güzəştlər Ermənistanın içki və alkoqollu məhsullar ixracının 91 faizindən çoxuna şamil olunacaq.
