İbtidai təhsil sahəsində effektiv nəticələrə imza atan İSİM layihəsi artıq 6-cı ildir ki, fəaliyyətini uğurla davam etdirir. Layihə çərçivəsində həmçinin unikal Reytinq və İnkişaf Platforması da hazırlanıb ki, bu platforma vasitəsilə hər tədris ilin yekunlarına əsasən, “İlin şagirdi”, “İlin müəllimi” və “İlin məktəbi” müəyyənləşir.
Ucnoqta.az xəbər verir ki, 2025-2026-cı tədris ili üzrə qaliblər də Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə təltif olunublar.
Öncə səhnəyə xüsusi təqdimatla laureat müəllimlər dəvət olunublar. Onlara İSİM metodikasının müəllifi Samir Vəliyev tərəfindən diplom və xüsusi hazırlanmış kubok təqdim edilib.
Qeyd edək ki, öncə hər rayonun və şəhərin ən yüksək reytinq xalına malik ibtidai sinif müəllimi Respublika mərhələsinə vəsiqə qazanır. Burada isə ilk 10-luqda qərarlaşan müəllimlər “Respublika üzrə İlin müəllimi” adına layiq görülürlər. 2025-2026-cı tədris ili üzrə bu adı Sumqayıtdan Sevinc Hacıyeva, Şirvandan Ceyran Qafarova, Qubadan Sevda Bağırova, Xaçmazdan Sədaqət Əliyeva, Samuxdan Zülfiyyə Məmmədova, Xırdalandan Gülüsüm İsmayılova, Kürdəmirdən Sevda Yusifova, Cəlilabaddan Aygün Bayramova, Tovuzdan Jalə İbrahimova və Şəmkirdən Gülöyşə Əliyeva qazanıblar.
“Respublika üzrə İlin məktəbi” nominasiyasında 1-ci yeri Xırdalan şəhər 5 nömrəli məktəb, 2-ci yeri Gəncə şəhər 7 nömrəli məktəb, 3-cü yeri isə Sumqayıt şəhər 5 nömrəli məktəb tutub.
Bu il ilk dəfə təsis olunan “Respublika üzrə İlin şagirdi” adını isə 1-ci siniflər arasında Saray qəsəbə 3 nömrəli məktəbin şagirdi İmanlı Əli Xanoğlan oğlu,
2-ci siniflər arasında Şəki şəhər 7 nömrəli məktəbin şagirdi Teymurov Ömər Murad oğlu,
3-cü siniflər arasında Şirvan şəhər 16 nömrəli məktəbin şagirdi İskəndərli Əbəlfəz Xəyal oğlu və
4-cü siniflər arasında Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli məktəbin şagirdi Sədrəddinov Nicat Vaqif oğlu qazanıb.
