Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum zamanı “Saudia” dövlət aviaşirkətinə məxsus sərnişin təyyarəsi zədələnib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, hava limanı cümə axşamı iki hücuma məruz qalıb. İlk hücum hava limanının infrastrukturunu, ikinci hücum isə “Saudia” aviaşirkətinə məxsus təyyarəni hədəf alıb.
“Reuters” agentliyinin mənbələrə istinadən yaydığı məlumata əsasən, mərmi və ya onun qəlpələrinin dəyməsi nəticəsində təyyarəyə ciddi ziyan dəyib və o, terminalın yaxınlığındakı dayanacaqda yanmağa başlayıb. Hadisə zamanı təyyarədə sərnişinlərin olmadığı bildirilir.
Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya həmin gün Ər-Riyad hava limanına iki dəfə raket zərbəsi endirildiyini açıqlayıb. O, hücumların hava limanının infrastrukturuna ziyan vurduğunu və hava hərəkətinin dayandırılmasına səbəb olduğunu iddia edib.
