Avropa İttifaqının (Aİ) 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcəsi 200 milyard avroyadək azaldıla bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, azalma Aİ-nin yeni büdcə planı ilə bağlı aparılan danışıqlar çərçivəsində müzakirə olunur. Bu prosesə, xüsusilə büdcəyə verdiyi töhfələr Aİ-dən aldığı vəsaitdən çox olan ölkələrin, o cümlədən Almaniyanın təzyiq göstərdiyi bildirilir.
Nəşrin yazdığına görə, Avropa Komissiyasının təklif etdiyi 1,76 trilyon avroluq büdcə planı, eləcə də kənd təsərrüfatına ayrılan subsidiyaların və iqtisadi cəhətdən geridə qalan regionlara yardımın azaldılması ilə bağlı təşəbbüslər üzrə danışıqlar dalana dirənib.
Aİ institutlarındakı mənbələrin məlumatına əsasən, büdcənin 100–200 milyard avro azaldılması nəzərdən keçirilir. Bu halda xarici siyasət fəaliyyətinə, digər ölkələrə göstərilən yardıma və sənaye innovasiyalarına ayrılan vəsaitin azaldılması mümkündür.
