ABŞ-da pilotsuz və avtonom sistemlər üzrə ixtisaslaşacaq yeni hərbi komandanlığın yaradılması planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset bunu Virciniya ştatının Kuantiko şəhərində yerləşən ABŞ Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, yeni komandanlığın əsas vəzifəsi ABŞ Silahlı Qüvvələrinin avtonom və robotlaşdırılmış vasitələrdən istifadə imkanlarını genişləndirmək olacaq.
Heqset süni intellekt texnologiyalarına əsaslanan idarəetmə sistemləri ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarının tətbiqini son nəsillər ərzində döyüş meydanında baş verən ən böyük dəyişikliklərdən biri kimi qiymətləndirib. O, ABŞ-ın pilotsuz sistemlərdən kütləvi istifadəyə yönəlmiş imkanlarını fəal şəkildə genişləndirdiyini bildirib.
