Azərbaycan millisi qrupda birinci yeri tutmaq istəyirsə, Lixtenşteynə qalib gəlməlidir.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.
Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri qarşılaşmanı dəyərləndirib:
“Bizim üçün vacib oyundur. Qrupda birinci yeri tutmaq istəyiriksə Lixtenşteynə qalib gəlməliyik. Rəqib komanda istəklidir, itirəcəkləri heçnə yoxdur. Matç ərzində əks hücumlara üstünlük verəcəklər. Biz də öz növbəmizdə çalışacağıq ki, rəqib komandanın müdafiə xəttini məharətlə yaraq. Azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirərək qələbə qazanmaq istəyirik”.
O, yığmanın heyətində itkilərin olduğunu söyləyib:
“Litva matçından sonra futbolçularda xırda zədələr çox oldu. Lakin Renat Dadaşovun zədəsi ciddidir. Sabahkı matçda biz onu meydanda görə bilməyəcəyik”.
Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan – Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
