ABŞ-ın Tennessi ştatında 200 ildən çox müddətdən sonra qadın məhbusun ilk dəfə edam edilməsi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Federal məhkəmə 50 yaşlı Krista Paykın edamının dayandırılmasına qərar verib. Qərar sentyabrın 30-da, məhbusun Nəşvildəki ciddi rejimli həbsxanada edam edilməsinə cəmi bir neçə saat qalmış qəbul olunub.
Paykın vəkilləri məhkəmələrdə onun uşaqlıq illərində cinsi zorakılığa məruz qalması hallarının əvvəlki proseslərdə lazımi şəkildə nəzərə alınmadığını bildiriblər. Müdafiə tərəfi bu arqument əsasında edam hökmünə yenidən baxılmasını istəyir.
Sentyabrın 29-da Tennessi Ali Məhkəməsi ölüm hökmünün icrasına müdaxilə etməkdən imtina edib. Ştatın qubernatoru Bill Li də Paykın edam cəzasının ömürlük həbs cəzası ilə əvəzlənməsi barədə müraciəti rədd edib.
Payk 1995-ci ildə cinayəti törədərkən 18 yaşında olub. O və sevgilisi 19 yaşlı Kolin Slemmerin qətlində təqsirli biliniblər. İttihama görə, Payk Slemmerin onun sevgilisinə maraq göstərdiyini düşünərək onu tənha əraziyə aparıb. Daha sonra sevgilisi ilə birlikdə ona işgəncə verərək öldürüblər.
Cinayət böyük rezonans doğurub. Buna səbəb qətlin xüsusilə qəddar olması, hadisə zamanı təqsirləndirilən şəxslərin yaşının az olması və qurbanın bədəninə satanik simvolun həkk edilməsi olub.
Payk edam ediləcəyi təqdirdə 1820-ci ildən bəri Tennessi ştatında edam olunan ilk qadın kimi tarixə düşə bilər.
ABŞ-da qadın məhbusların edamı nisbətən nadir hallarda həyata keçirilir. ABC News-un məlumatına görə, 1976-cı ildən ölkədə 18 qadın edam edilib ki, bu da həmin dövrdəki bütün edamların təxminən 1 faizini təşkil edir.
