Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsinin Səudiyyə Ərəbistanında məcburi eniş etməsindən əvvəl pilotlardan birinin bıçaqla yaralandığı iddia olunur.
Ucnoqta.az xəbər verir ki, İsrailin i24News telekanalı hadisənin şahidinə istinadən bildirib ki, enişə təxminən 1-2 saat qalmış pilot kabinəsindən qışqırıq səsləri eşidilib. Bir neçə sərnişin kabinənin qapısını açdıqda pilotlardan birinin bıçaqla yaralandığını və ətrafda çoxlu qan olduğunu görüb.
Şahidin sözlərinə görə, bundan sonra təyyarə bir neçə dəqiqə idarəetməni itirərək sürətlə aşağı düşüb. Sərnişinlər arasında olan həkim və tibb bacısı yaralı pilota ilkin yardım göstərib, peşəkar pilotlar isə təyyarənin idarə edilməsinə kömək edərək onun təhlükəsiz enişini təmin ediblər.
Şahid həmçinin pilotu yaralayan şəxsin digər sərnişinlər tərəfindən zərərsizləşdirildiyini bildirib.
