ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasına miqrantların öz ölkələri olmayan üçüncü dövlətlərə deportasiyasını yenidən həyata keçirməyə icazə verib.
Ucnoqta.az xəbər verir ki, CNN-in məlumatına görə, qərar deportasiya edilən şəxslərə təyinat ölkəsində insan hüquqlarının pozulması ilə bağlı iddialarını irəli sürmək üçün əvvəlcədən imkan yaradılmadan onların üçüncü ölkələrə göndərilməsinə şərait yaradır.
Bu praktika Tramp administrasiyası tərəfindən 2025-ci ildə miqrasiya nəzarətinin sərtləşdirilməsi çərçivəsində tətbiq edilib. ABŞ hakimiyyət orqanları bəzi hallarda miqrantların mənşə ölkələrinə deportasiyası zamanı həmin dövlətlərin onları qəbul etməkdən imtina etməsi ilə üzləşib.
Bundan sonra administrasiya miqrantların ABŞ-la və ya təyinat ölkəsi ilə hər hansı əlaqəsi olmasa belə, onları üçüncü dövlətlərə göndərmək siyasətinə üstünlük verib. Mövcud qiymətləndirmələrə görə, proqram çərçivəsində artıq təxminən 25 min miqrant üçüncü ölkələrə göndərilib.
Qərar hüquq müdafiəçiləri və Trampın siyasətini tənqid edənlər tərəfindən narazılıqla qarşılanıb. Eyni zamanda, ABŞ-ın deportasiya edilən şəxsləri qəbul etməsi ilə bağlı 30-dan çox ölkə ilə razılaşmaları olduğu bildirilir. Onların arasında Kosta-Rika, Panama və Paraqvay da var. Son dövrdə bir sıra Afrika ölkələrinin də ABŞ administrasiyası ilə deportasiya sazişləri imzaladığı qeyd olunur.
