Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsində ekspertizaların aparılması zamanı istifadə olunan tədqiqat metodları barədə məlumatların sistemləşdirilməsi və əldə olunmasının təmin edilməsi istiqamətində görülən işlər çərçivəsində Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib.
Ədliyyə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri məhkəmə ekspertizası tədqiqatlarının həyata keçirilməsi zamanı tətbiq edilən tədqiqat metodları barədə məlumatların toplanmasını, uçotunun aparılmasını, sistemləşdirilməsini, aktuallığının təmin edilməsini və istifadəyə açıq olan məlumatların ictimaiyyətə təqdim edilməsini təmin edən elektron informasiya resursudur. Dövlət Reyestri Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır, aparılır və idarə olunur.
Reyestrin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları” ilə tənzimlənir.
Hazırda Reyestr fəaliyyət göstərir və Ədliyyə Nazirliyinin (www.justice.gov.az), eləcə də Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi internet səhifələrində (www.expert.gov.az) yerləşdirilib.
Reyestrin məlumat bazası Ədliyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq ekspertiza idarələrində aparılan tədqiqatlara dair məlumatlar əsasında formalaşdırılır.
Reyestrdə tədqiqat metodunun adı, aid olduğu məhkəmə ekspertizası sahəsi, metodu təqdim edən məhkəmə ekspertizası idarəsinin, habelə qurumun adı və hüquqi ünvanı, tədqiqat metodunun pasportu, metodun Dövlət Reyestrinə daxil edildiyi tarix və qeydiyyat nömrəsi ilə bağlı digər məlumatlar əks olunur. Bu isə məhkəmə ekspertlərinin ekspertiza zamanı Reyestrə daxil edilmiş tədqiqat metodlarından istifadə etməsinə, məhkəmə ekspertizası tədqiqatlarının müəyyən edilmiş qaydalara və qanunvericiliyin tələblərinə uyğun aparılmasına imkan yaradır.
Reyestrin istifadəyə verilməsi məhkəmə ekspertizası tədqiqatları zamanı tətbiq olunan metodlar barədə məlumatların vahid bazada toplanmasına və bu metodların sistemləşdirilmiş şəkildə tətbiqinin təmin edilməsinə xidmət edir.
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri ilə linkə keçid edərək tanış olmaq mümkündür.
