Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın paytaxtı Kiyevə elan olunmamış səfər edib.
Ucnoqta.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Ukraynaya yardım göstərilməsi və iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Səfərin Ukraynanın avqustun 24-də qeyd etdiyi Müstəqillik Günü ərəfəsində baş tutduğu bildirilib. Əsas müzakirə mövzularından biri qarşıdakı qışa hazırlıq olacaq. Buraya generatorlar, ehtiyat hissələri və enerji sektoruna aid digər avadanlıqların Ukraynaya çatdırılması, enerji sisteminə dəstək və kritik infrastrukturun qorunması tədbirləri daxildir.
Vadeful, həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini, hərbi imkanların gücləndirilməsini, təcrübə mübadiləsini və uzunmüddətli təhlükəsizlik strukturlarının birgə yaradılmasını müzakirə edəcək.
Nazir Kiyevə qatarla gedib. Təhlükəsizlik səbəbindən səfər əvvəlcədən elan edilməyib. Bu, Vadefulun Almaniyanın xarici işlər naziri kimi Ukraynaya dördüncü səfəridir.
