Yer üzündə elə məkanlar var ki, onların mənzərələri sanki başqa planetdən çəkilmiş kadrlara bənzəyir.
Ucnoqta.az xəbər evrir ki, qeyri-adi relyef və rənglər isə əslində geoloji və təkamül proseslərinin nəticəsidir.
Dallol vulkanı – Yupiterin peykinə bənzəyir
Efiopiyanın Danakil çökəkliyində yerləşən Dallol vulkanı Yupiterin vulkanik peyki İonu xatırladır. Burada maqma yer səthinə yaxın olduğundan minerallarla zəngin yeraltı suları qızdırır. Suyun səthə çıxaraq buxarlanması nəticəsində sarı, narıncı və ağ rəngli qeyri-adi mənzərələr yaranır.
Sarı rəng əsasən kükürd birləşmələri, pas çalarları isə dəmir hesabına əmələ gəlir. Ərazidə temperaturun, duzluluğun və turşuluğun həddindən artıq yüksək olması canlıların yaşamasını çətinləşdirir.
Sokotra adası – yadplanetli bitkilər
Yəmənin Hind okeanındakı Sokotra adası qeyri-adi florası ilə seçilir. Milyonlarla il materiklərdən təcrid olunması adanın bitkilərinin özünəməxsus şəkildə təkamül etməsinə səbəb olub.
Adanın əsas simvollarından biri əjdaha ağacıdır. Onun çətiri xatırladan forması bitkinin nəm itkisini azaltmasına və köklərinə kölgə salmasına kömək edir. Ağacın zədələnmiş hissəsindən çıxan tünd-qırmızı qatran isə qədimdə “əjdaha qanı” adlandırılıb.
Uyuni duz gölü – nəhəng güzgü
Boliviyadakı Uyuni duz səhrası 10 min kvadrat kilometrdən çox ərazini əhatə edən qədim duzlu gölün qurumuş dibidir. Quraq mövsümdə səthdə həndəsi naxışlar əmələ gəlir.
Yağış mövsümündə isə duz səthinin üzərində nazik su təbəqəsi yaranır və ərazi nəhəng güzgüyə çevrilir. Üfüq demək olar ki, görünməz olur və insanlar sanki göylərin arasında dayanmış kimi görünürlər.
Çjanqye Danksya parkı – rəngli qayalar
Çinin Qansu əyalətində yerləşən Çjanqye Danksya geoloji parkı qırmızı, narıncı, sarı və tünd qırmızı rəngli qayaları ilə məşhurdur.
Bu qeyri-adi görünüş milyonlarla il ərzində çökmə süxurların və qumdaşının toplanması, daha sonra isə yer qabığının hərəkətləri nəticəsində yuxarı qalxması ilə formalaşıb.
Vadi-Ram səhrası – Marsı xatırladır
İordaniyanın cənubunda yerləşən Vadi-Ram səhrası qırmızımtıl qumları və uca qumdaşı qayaları ilə Marsın səthini xatırladır. Ərazinin qırmızı rənginə dəmirin oksidləşmiş birləşmələri səbəb olur.
Məhz bu qeyri-adi mənzərəyə görə Vadi-Ram müxtəlif kosmik mövzulu filmlərin çəkiliş məkanı kimi də istifadə edilib.
