ABŞ-ın Tayvana satdığı 66 ədəd F-16V Block 70 qırıcısından ilk ikisi adaya göndərilməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Taipei Times vəziyyətdən xəbərdar mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, 6727 və 6728 bort nömrəli təyyarələrin texniki xidmət üçün aralıq enişlər etməklə və havada yanacaq doldurmaqla Tayvana uçması planlaşdırılır. Uçuşun dəqiq tarixi və marşrutu açıqlanmayıb. Tayvan mediasında və sosial şəbəkələrdə qırıcıların Texasda Lockheed Martin şirkətinin müəssisəsində çəkilmiş fotoları yayılıb.
Taipei ötən il bütün sifarişlərin 2026-cı ilin sonuna qədər çatdırılacağına ümid edirdi. Lakin hazırda bütün təyyarələrin bu müddət ərzində təhvil verilməsinin mümkün olmayacağı bildirilir. Tayvan ABŞ istehsalı hərbi aviasiya texnikasının tədarükündəki gecikmələrdən dəfələrlə narahatlığını ifadə edib.
