ABŞ hərbçilərinin İran hakimiyyəti ilə razılaşdırmadan Hörmüz boğazından milyonlarla barrel neftin daşınması üçün gizli marşrut təşkil etdiyi iddia olunur.
Ucnoqta.az bildirir ki, bu barədə Axios portalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, sutka ərzində 15–20 neft tankeri boğazın Oman sahilləri boyunca yerləşən cənub kanalından keçərək Yaxın Şərqdən təxminən 10 milyon barrel neft ixrac edir. Bu həcm müharibədən əvvəlki göstəricinin təxminən yarısına bərabərdir.
Mənbələrdən biri Axios-a bildirib ki, ABŞ iki aydır Hörmüz boğazının cənub hissəsinə nəzarət edir. Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu keçidlərə maneə yarada bilər, lakin boğaza nəzarət etmir.
ABŞ Silahlı Qüvvələrinin nümayəndələri əməliyyatı Yaxın Şərqdəki tərəfdaşları ilə koordinasiya edir. Hər gün boğazdan keçəcək gəmilərin siyahısı hazırlanır. Məlumata görə, tankerlər gecə saatlarında ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarının müşayiəti ilə hərəkət edir və vaxtaşırı nəzarət məntəqələrində qeydiyyatdan keçirlər.
