İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağından İsrailə qarşı 2023-cü il oktyabrın 7-də həyata keçirilən hücumda iştirak etdiyi bildirilən “İslami Cihad” təşkilatının təchizat bölüyünün komandirini öldürdüyünü açıqlayıb.
Ucnoqta.az bildirir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Xan-Yunis ərazisinə endirilən zərbə nəticəsində “İslami Cihad”ın təchizat bölüyünün komandiri Tarik Ənvər Xamis Rai öldürülüb. İsrail tərəfinin iddiasına görə, Rai 7 oktyabr hadisələri zamanı Beeri kibutsuna daxil olub və israillilərin girov götürülməsində iştirak edib.
IDF-in məlumatına görə, Rai son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlarda iştirak edib və təhlükənin aradan qaldırılması məqsədilə öldürülüb.
Ordunun açıqlamasında həmçinin zərbə endirilməzdən əvvəl mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görüldüyü bildirilib.
