İndoneziyanın cənub-şərqində baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb, 137 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Tempo” portalı ölkənin Təbii Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumat, informasiya və fövqəladə hallarla bağlı kommunikasiya mərkəzinin rəhbəri vəzifəsini icra edən Berton Pandjaitanın sözlərinə görə, zəlzələ nəticəsində 2,4 min evə ziyan dəyib, onlardan 1,5 mininə ciddi zərər dəyib.
Hazırda 5 488 nəfər təxliyə mərkəzlərində yerləşdirilib, daha 171 nəfər isə öz imkanları ilə təhlükəsiz ərazilərə köçüb.
Qeyd olunub ki, avqustun 15-də Şərqi Nusa-Tenqara əyalətində baş verən zəlzələ nəticəsində 87 təhsil müəssisəsi, 50 dini obyekt, 76 dövlət müəssisəsi və digər ictimai obyektlərə də ziyan dəyib.
