Cənubi Afrika Respublikasının (CAR) bir sıra bölgələrinə qar yağıb. Güclü qar yolların bağlanmasına və avtomobillərin hərəkətində çətinliklərə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS SABC telekanalına istinadən məlumat yayıb.
Şərqi Keyp əyalətində güclü qar yağması səbəbindən üç dağ keçidində nəqliyyatın hərəkəti dayandırılıb. Əyalətin Nəqliyyat Departamentinin nümayəndəsi Unati Binkose bildirib ki, bir neçə avtomobil qarda qalıb və sürücülər nəqliyyat vasitələrindən çıxa bilməyiblər.
Onun sözlərinə görə, yüksək dağlıq ərazilərdə vəziyyət nəzarətdə saxlanılır, mütəxəssislər hadisə yerində işləyərək insanlara yardım göstərirlər.
Qərbi Keyp əyalətində isə Svartberq keçidi ərazisinə qar yağıb və yolun üzərində qalın buz təbəqəsi yaranıb. Təhlükəsizlik məqsədilə keçid bağlansa da, bəzi sürücülər ərazidən keçə biliblər. Məlumata görə, bəzi ailələr qarı görmək üçün xüsusi olaraq bölgəyə gediblər.
“TimesLive” qəzetinin məlumatına görə, Durban və Yohannesburqu birləşdirən avtomagistralın bəzi hissələrində də qar və buzlanma qeydə alınıb. KvaZulu-Natal əyalətində isə qar səbəbindən bir neçə yol bağlanıb.
CAR Meteorologiya Xidməti ölkəyə yaxın günlərdə soyuq cəbhənin daxil olacağını və havanın soyuq, küləkli olacağını açıqlayıb.
