Meta şirkətinin qlobal məsələlər üzrə direktoru Coel Kaplan Hindistanın Baş naziri Narendra Modinin Facebook platformasında paylaşımının müvəqqəti bloklanmasına görə üzr istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyi Kaplanın Yeni Dehlidə ölkənin elektronika və informasiya texnologiyaları naziri Ashwini Vaishnaw ilə görüşünün yekunlarına istinadən məlumat yayıb.
Kaplan bildirib: “Baş nazir Modinin paylaşımının məhdudlaşdırılmasına səbəb olan səhvə görə Meta adından nazirə üzrümü çatdırdım.”
Hindistan hökumətindəki mənbələrin sözlərinə görə, Meta-nın baş direktoru Mark Zuckerberg də Modinin paylaşımının müvəqqəti silinməsi ilə bağlı üzr istəyib. Bildirilir ki, şirkət nümayəndələri görüş zamanı platformaların fəaliyyətində müəyyən çatışmazlıqların olduğunu etiraf ediblər.
Bundan əlavə, Meta rəhbərliyi uşaqlara qarşı seksual zorakılıq materiallarının və deepfake məzmununun yayılması ilə bağlı problemlərin mövcudluğunu qəbul edib. Şirkət həmçinin bəzi məzmun növlərinin təşviqi üçün əhəmiyyətli məbləğdə vəsait ödənildiyini bildirib.
