Yaponiyada “Duczyuan” tayfununun yaratdığı fəsadlar nəticəsində yeddi prefekturada, o cümlədən Tokioda ən azı 362 təhsil müəssisəsinə ziyan dəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyi məlumat yayıb.
Məlumata görə, məktəblərə əsasən leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ziyan dəyib. Ən ciddi fəsadlar Tokionun şərqində yerləşən Çiba prefekturasında qeydə alınıb. Burada 280-dən çox dövlət və özəl məktəb zərər görüb.
Çiba və Tokio prefekturalarında 36 ibtidai və orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb. Buna səbəb bəzi ərazilərdə torpaq sürüşmələrinin yolların hərəkətinə mane olması və təhsil müəssisələrinin yaxınlığındakı ərazilərin daşqın suları altında qalmasıdır.
Çiba prefekturasında bir sıra ərazilər hələ də su altında qalıb. Daşqınlar kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub, təxminən 1 000 yaşayış evinə zərər dəyib. Tokioya xidmət göstərən beynəlxalq hava limanının yerləşdiyi Narita şəhərində isə daşqın nəticəsində dekorativ rəngli koi sazanlarının yetişdirildiyi təsərrüfat məhv olub. 100 mindən çox balıq gölməçələrdən axan sel suları ilə aparılıb.
Son məlumatlara görə, tayfun nəticəsində 11 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb. Ölənlərin əksəriyyətinin torpaq sürüşmələrinin qurbanı olduğu, bəzi şəxslərin isə su basmış avtomobillərində boğulduğu bildirilir.
