Qazaxıstanda Xəzər dənizində itkin düşən hərbçilərin axtarışına 250-dən çox hərbi qulluqçu, dalğıclar, həmçinin dəniz və hava nəqliyyat vasitələri cəlb olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasının tapşırığı ilə axtarış-xilasetmə əməliyyatı Xəzər dənizində gecə-gündüz davam etdirilir.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Xüsusi komissiya qəzanın səbəb və şəraitini müəyyənləşdirmək üçün araşdırma aparır.
Qeyd edək ki, sentyabrın 24-də Manqistau vilayətində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı hava şəraitinin kəskin pisləşməsi və güclü külək nəticəsində 17 hərbçi açıq dənizə sürüklənib. Onlardan 12-si həyatını itirib, 3 nəfər xilas edilib. Hazırda daha 2 hərbçinin axtarışı davam etdirilir.
