Beynəlxalq alimlər qrupu yuxu müddəti ilə orqanizmin bioloji qocalması arasındakı əlaqəni araşdırıb. Tədqiqat zamanı 23 müxtəlif bioloji qocalma göstəricisi təhlil edilib və yuxu rejimindən kənara çıxmağın orqanizmin bir çox toxumasına mənfi təsir göstərə biləcəyi müəyyənləşdirilib.
Ucnoqta.az bildirir ki, ScienceDaily-nin Kolumbiya Universiteti Tibb Mərkəzinin araşdırmasına istinadən yaydığı məlumata görə, təxminən yarım milyon insanın tibbi məlumatlarının təhlili yuxu müddəti ilə bioloji qocalma sürəti arasında U-şəkilli əlaqənin olduğunu göstərib.
Araşdırmada ən aşağı qocalma göstəriciləri və daha sağlam bioloji profil gecə ərzində 6,4–7,8 saat yatan insanlarda müşahidə olunub.
Gündəlik yuxunun 6 saatdan az və ya 8 saatdan çox olması isə toxumaların daha sürətli qocalması ilə əlaqələndirilib. Tədqiqatçılar ayrı-ayrı orqan və sistemlərin bioloji yaşını qiymətləndirmək üçün süni intellekt əsasında xüsusi “qocalma saatları” da hazırlayıblar.
Hansı orqanlar təsirlənə bilər?
Alimlərin məlumatına görə, yuxu rejiminin pozulması müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir. Kifayət qədər yatmamaq depressiv epizodlar, təşviş pozuntuları, piylənmə və 2-ci tip diabetlə əlaqəli olub.
Həm qısa, həm də həddindən artıq uzun yuxu müddəti yüksək təzyiq, ürəyin işemik xəstəliyi və ürək ritminin pozulması riskinin artması ilə əlaqələndirilib.
Yuxu rejiminin pozulmasının tənəffüs sisteminə də təsir göstərə biləcəyi, astma və xroniki obstruktiv ağciyər xəstəlikləri ilə əlaqəli olduğu bildirilib. Həzm sistemində isə qastrit və qastroezofageal reflüks xəstəliyi ilə əlaqələr müəyyən edilib.
Tədqiqat yuxu müddəti ilə müxtəlif sağlamlıq göstəriciləri arasında əlaqəni göstərir. Bununla belə, belə müşahidə olunan əlaqələr bütün hallarda səbəb-nəticə münasibətinin olduğunu sübut etmir.
